ABŞ İrana qarşı sanksiyaları gücləndirdi və 130 mln dollardan çox vəsaiti blokladı

10:34 - 15.07.2026


15 iyul, Fineko/abc.az. ABŞ İranla bağlı iqtisadi sanksiyaları gücləndirib və Hörmüz boğazında baş verən yeni hücumlar fonunda iki ölkə arasında danışıqların pozulmasından sonra ölkəyə qarşı hərbi blokadanı yenidən tətbiq edib. Bu barədə Bloomberg yazır.

ABŞ Maliyyə Nazirliyi çərşənbə axşamı Hüseyn Şamxaniyə məxsus gəmiçilik şəbəkəsinə qarşı yeni sanksiyalar elan edib. Bildirilir ki, bu şəxs İran üçün neft və silah sahəsində strateji əhəmiyyətli əməliyyatlar həyata keçirən gizli biznes imperiyasına rəhbərlik edir və bu fəaliyyətlər Tehranla yanaşı Moskva ilə də əlaqəlidir. Məhdudiyyətlər 50-dən çox qurumu əhatə edir — bunlara gəmiçilik şirkətləri, gəmilər, rəqəmsal pul kisələri və fiziki şəxslər daxildir.

ABŞ həmçinin İran Mərkəzi Bankı ilə əlaqəli olduğu ehtimal edilən bir neçə kriptovalyuta pul kisəsinə qarşı sanksiyalar tətbiq edib və 130 milyon dollardan çox vəsaiti bloklayıb. Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent sosial şəbəkələrdə məlumat verib.

Bu tədbirlər Donald Trampın İran limanlarına və sahilyanı zonalara gedən və oradan qayıdan gəmilərə qarşı blokadanı yenidən tətbiq etməsi fonunda görülüb.