Köçürmələrdə elektron bankçılığın payı artıq 82 %-ə çatıb - AMB sədrinin müavini

11:20 - 15.07.2026


15 iyul, Fineko/abc.az. Azərbaycanda sistem əhəmiyyətli banklarda əməkdaşların 30 %-i rəqəmsal sahədə çalışır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Azərbaycanda rəqəmsallaşmanın genişmiqyaslı inkişafı 2018-ci ildən müşahidə edilir:

"Həmin dövrdə köçürmələrdə elektron bankçılığın payı 26 % idisə, bu gün artıq 82 %-ə yüksəlib. Bu, kifayət qədər ciddi artımdır. Eyni zamanda, kart ödənişlərində nağdsız əməliyyatların payı 17,8 %-dən 69,7 %-ə çatıb. Son dövrdə əldə olunan nəticələrə nəzər salsaq, ani ödənişlər sistemi üzrə dövriyyə 2025-ci ilin I rübündə 87 milyon manat olduğu halda, hazırda 940 milyon manata yüksəlib. Bu göstəricilər təkcə texnologiyaların tətbiqini deyil, həm də vətəndaşların və biznesin maliyyə davranışında baş verən əsaslı dəyişiklikləri əks etdirir. Artıq rəqəmsal kanallar maliyyə sektorunda alternativ deyil, əsas xidmət kanalına çevrilib. Bu gün sektorda əsas rəqabət də məhz rəqəmsal kanallar üzərindən təqdim olunan xidmətlər əsasında formalaşır".

"Ən mühüm nailiyyətlərdən biri isə rəqəmsal sahədə insan kapitalının formalaşmasıdır. Son araşdırmalarımız göstərir ki, sistem əhəmiyyətli banklarda əməkdaşların 30 %-ə qədəri məhz rəqəmsal istiqamətdə fəaliyyət göstərir. Buraya proqramçılar, süni intellekt mühəndisləri, məhsul sahibləri (Product Owner) və "DevOps" mütəxəssisləri daxildir. Hesab edirik ki, bu tendensiya ölkədə formalaşan rəqəmsal ekosistemin inkişafına da mühüm töhfə verir", - deyə AMB rəsmisi əlavə edib.

©Report