Türkiyənin müdafiə sənayesi ixracı kəskin artıb

14:28 - 14.05.2026


14 may, Fineko/abc.az. Türkiyənin müdafiə və aerokosmik sənaye ixracı 2026-cı ilin yanvar–aprel aylarında 2,8 mlrd dollar təşkil edib və illik müqayisədə 28% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə ticarət naziri Ömər Bolat bildirib.

Son 20 ildə sahənin ixracı 248 mln dollardan 2025-ci ildə 10,05 mlrd dollara yüksəlib. Ötən il Türkiyə xaricə 3,7 mlrd dollar dəyərində raket, sursat və yüksək dəqiqlikli silahlar, həmçinin 2,1 mlrd dollar dəyərində pilotsuz uçuş aparatları ixrac edib.

Sektor artan tələbat və beynəlxalq əməkdaşlığın genişlənməsi ilə seçilir. SAHA 2026 sərgisində minlərlə xarici mütəxəssis və nümayəndə heyəti iştirak edir, mümkün müqavilələrin həcmi isə 10 mlrd dollardan çox qiymətləndirilir. Sahə təxminən 3,5 min şirkəti və 100 minə yaxın mütəxəssisi birləşdirir.