21:14 - 9.07.2026
9 iyul, Fineko/abc.az. Niderlandın "ING" maliyyə qrupu 2026-cı ilin ikinci yarısı və 2027-ci ilə dair qlobal makroiqtisadi proqnozlarını açıqlayıb.
Bankın rəsmi hesabatına əsasən, Hörmüz boğazında neft daşımalarının gözləniləndən sürətlə normallaşması fonunda ING ilin qalan dövrü üçün "Brent" markalı neftin qiymət proqnozunu aşağı yönlü yeniləyib:
Neft qiymətləri: "Brent" neftinin orta qiymətinin 2026-cı ilin III rübündə 80 dollar/barel, IV rübündə isə 74 dollar/barel səviyyəsində olacağı gözlənilir.
Valyuta bazarı: ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) 2027-ci ilin yayına qədər uçot dərəcəsini sabit saxlayacağı ehtimalı fonunda dolların ilin sonuna və 2027-ci ilə doğru bir qədər dəyər itirəcəyi proqnozlaşdırılır. İlin sonunda EUR/USD cütlüyünün 1.18, USD/JPY cütlüyünün isə 158 səviyyələrində qərarlaşacağı bildirilir.
ING-nin makro araşdırmalar direktoru Karsten Brzeski qeyd edib ki, enerji daşıyıcılarının ucuzlaşması inflyasiya təzyiqini azaldaraq ABŞ və Avropada istehlakçıların vəziyyətini yüngülləşdirəcək. Bank, həmçinin rəsmi Pekinin iqtisadi stimullaşdırma addımları çərçivəsində Çin Mərkəzi Bankının III rübdə faiz endiriminə gedəcəyini və ölkədə illik iqtisadi artımın rübün ilk yarısında 4.8% ətrafında olacağını proqnozlaşdırır.