Aİ "Meta"nı istifadəçilərdə asılılıq yaratmaqda ittiham etdi: Şirkəti böyük cərimə gözləyir

10:00 - 11.07.2026


11 iyul, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Komissiyası "Meta" korporasiyasını "Facebook" və "Instagram" platformalarında tətbiq edilən asılılıqyaradıcı dizayn elementlərinə görə rəqəmsal qaydaları pozmaqda ittiham edib.

 Komissiyanın apardığı təhqiqatın ilkin nəticələrinə görə, sözügedən platformalardakı bəzi funksiyalar Aİ-nin Rəqəmsal Xidmətlər Aktını (DSA) birbaşa pozur. Rəsmi bəyanatda qeyd olunub ki, "Facebook" və "Instagram"da istifadə edilən "sonsuz sürüşdürmə" (scroll), videoların avtomatik oynadılması, anlıq bildirişlər və yüksək dərəcədə fərdiləşdirilmiş tövsiyə sistemləri istifadəçilərin fiziki və psixi sağlamlığı üçün ciddi risklər yaradır.

Aİ rəsmiləri "Meta"nın xüsusilə uşaqların gecə saatlarında platformalarda keçirdikləri vaxtla bağlı riskləri nəzərə almadığını bildirib və şirkətdən tətbiqlərin dizaynında təcili dəyişikliklər etməyi tələb edib. Hazırda sorğu yekunlaşmayıb və "Meta"nın müdafiə çıxışı etmək hüququ var. Əgər rəsmi pozuntu qərarı təsdiqlənərsə, şirkəti qlobal illik dövriyyəsinin 6%-nə qədər idari cərimə gözləyir.