14:00 - 11.07.2026
11 iyul, Fineko/abc.az. Fransa Mərkəzi Bankı (Banque de France) cari ilin ikinci rübü üçün iqtisadi artım proqnozunu yuxarı yönlü korreksiya edib.
Bank rəhbərliyi sənaye, xidmət və tikinti sektorlarında müşahidə olunan canlanma fonunda rüblük ÜDM artımı gözləntisini daha əvvəl proqnozlaşdırılan 0%-dən 0,2%-ə qaldırıb. Qeyd edək ki, Fransa iqtisadiyyatı ilin birinci rübündə 0,1% kiçilmişdi.
Bankın 8 500 şirkəti əhatə edən rəsmi sorğusuna əsasən, iyun ayının sonunda qeydə alınan rekord isti hava dalğası iqtisadiyyata kəskin mənfi təsir göstərməyib; müəssisələr iş saatlarını günün daha sərin vaxtlarına keçirərək istehsalı qoruyublar. Eyni zamanda hesabatda vurğulanır ki, istehsalatda sifarişlər normal səviyyədə qalıb, bazardakı qeyri-müəyyənlik göstəricisi isə fevral ayının sonunda başlayan İran müharibəsindən əvvəlki sabit səviyyəyə geriləyib.