Fransız milyarder "Vodafone"un ən böyük səhmdarı oldu

16:00 - 11.07.2026


11 iyul, Fineko/abc.az. Fransız milyarder Ksaver Niel Böyük Britaniyanın telekommunikasiya nəhəngi "Vodafone Group" şirkətinin ən böyük səhmdarına çevrilib.

 K.Niel Birləşmiş Ərəb Əmirliklərinin "Emirates Telecommunications Group" (e&) şirkətinə məxsus səhmləri təxminən 6 milyard ABŞ dolları qarşılığında satın almaq barədə razılığa gəlib. Şirkətlərin rəsmi bəyanatına əsasən, milyarderin ailəsinə məxsus "Vega" investisiya fondu hər səhm üçün təxminən 112,5 peni ödəməklə "Vodafone"un 16%-dən çox payına sahib olacaq. Tənzimləyici qurumların icazəsindən sonra səhmlərin birbaşa mülkiyyətinin ilin sonunadək tam təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, "Iliad" brendi vasitəsilə Fransa, İtaliya və Polşa daxil olmaqla Avropa üzrə 50 milyondan çox abunəçisi olan Ksaver Niel, bu satınalma sayəsində öz strateji bazarlarına Böyük Britaniya və Almaniyanı da əlavə edəcək. "Vodafone" rəhbərliyi yaydığı rəsmi açıqlamada Niel ailəsini uzunmüddətli tərəfdaş kimi dəstəklədiklərini və onlarla əməkdaşlığı səbirsizliklə gözlədiklərini bildirib.