Türkiyə Maliyyə Nazirliyi: Hörmüz boğazının blokadası qlobal tənəzzül riskini artırır

11:52 - 6.05.2026


6 may, Fineko/abc.az. Türkiyənin maliyyə naziri Mehmet Şimşek Hörmüz boğazının davam edən blokadasının qlobal iqtisadiyyata ciddi təzyiq göstərdiyini və qlobal tənəzzül risklərini artırdığını bildirib.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, dünyada inflyasiya 5-6%-ə qədər arta bilər, maliyyə şərtləri isə sərtləşə bilər.

Nazir qeyd edib ki, hərbi əməliyyatlar dayansa belə, boğazın bağlı qalması səbəbindən təsir davam edir. Neft qiymətləri artıq bir barel üçün $100-a yaxınlaşır, mənfi ssenaridə isə $110-a çata bilər ki, bu da qlobal iqtisadi artımı ləngidəcək.

Şimşek vurğulayıb ki, Türkiyə enerji mənbələrinin şaxələndirilməsi və infrastrukturun inkişafı (boru kəmərləri, LNG) sayəsində Hörmüz boğazından demək olar ki, asılı deyil və ciddi problem yaşamır.