Neftin bahalaşması və ABŞ-İran gərginliyi fonunda "Bitcoin" ucuzlaşıb

15:57 - 13.07.2026


13 iyul, Fineko/abc.az. ABŞ-nin İrana qarşı yeni hücumları və artan inflyasiya qorxuları fonunda neft qiymətlərinin yüksəlməsi Asiya ticarət sessiyasında "Bitcoin" və digər kriptovalyutaların dəyər itirməsinə səbəb olub.

Məlumata görə, əsas kriptovalyuta Bakı vaxtı ilə saat 08:45-ə olan göstəricilərə əsasən 2,4% enərək 62 600 dollara geriləyib. Bu eniş "Bitcoin"i uzunmüddətli ayı bazarının siqnalı hesab olunan 200 həftəlik hərəkətli ortalama (MA) səviyyəsindən aşağı salıb. Bazarın ikinci ən böyük tokeni "Ether" isə 2,5% dəyər itirib. Kripto investisiya şirkəti "DACM"-in rəhbəri Riçard Qalvin qeyd edib ki, satış dalğası ABŞ birja fyuçerslərindəki zəifləmə və Yaxın Şərqdəki gərginlik səbəbindən neftin bahalaşması ilə birbaşa bağlıdır.