Türkiyə və İraq yaxın günlərdə neft sazişi imzalayacaq

17:26 - 10.07.2026


10 iyul, Fineko/abc.az. Türkiyə və İraq yaxın günlərdə İraq neftinin Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına nəqli ilə bağlı yeni saziş imzalamağı planlaşdırır.

Bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.

“12 ay müddətinə nəzərdə tutulan sazişi yekun mərhələyə çatdırmışıq və yaxın günlərdə imzalamağı planlaşdırırıq”, — nazirin sözlərini TRT Haber telekanalı sitat gətirib.

Kərkük–Ceyhan neft kəmərinin uzunluğu 970 km-dir, ötürmə qabiliyyəti isə sutkada təxminən 1,6 milyon barel təşkil edir. Yerli KİV daha əvvəl bildirirdi ki, Türkiyə mövcud müqavilənin əvvəlki şərtlərlə avtomatik uzadılmasına qarşı çıxaraq tranzit tariflərinin yenidən nəzərdən keçirilməsini və infrastrukturun saxlanması xərclərinin kompensasiyasını tələb edirdi.

İraq neftinin Kərkük –Ceyhan magistralı ilə tranziti üzrə qüvvədə olan sazişin müddəti iyulun sonunda başa çatır.