22:25 - 6.07.2026
6 iyul, Fineko/abc.az. Kubada ilk akkumulyator enerji saxlama sistemi (BESS) üzrə sınaqlar El-Kotoro yarımstansiyasında başlayıb.
Bu barədə tikinti və elektrotexnika şirkətinin direktor müavini İsmael Ulyoa Rodriges iyulun 2-də Facebook sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, layihə 50 MVt gücündə qurğu vasitəsilə enerji sisteminin ani sabitləşdirilməsini təmin edir, tezlik pozuntularını və elektrik kəsintilərini azaldır, qəzalara millisaniyələr ərzində reaksiya verir. 50 MVt/50 MVt·s gücündə BESS sistemi həmçinin enerjinin balanslaşdırılmasını həyata keçirir və günəş enerjisinin artıq hissəsini gecə istifadə üçün saxlayaraq bərpa olunan enerji mənbələrinin inteqrasiyasına töhfə verir.
Layihə istilik generasiyasından asılılığı azaldır və yanacağa qənaət edir, ümumi gücü 200 MVt olan üç oxşar sistemin quraşdırılmasını nəzərdə tutan proqramın bir hissəsidir. Paralel olaraq, 2028-ci ilə qədər 90-dan çox günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.