Dünyanın nəhəng enerji şirkətləri Uniper-i almağa iddialıdırlar

14:45 - 3.06.2026


3 iyun, Fineko/abc.az. Uniper-in 74,12% səhmlərinin (təxminən 11,65 milyard dollar) alınmasına Çexiya (EPH), Kanada (CPPIB), Norveç (Equinor) və Fransanın (TotalEnergies) şirkətləri iddialıdırlar. Finlandiyanın "Fortum" və İsveçin "Vattenfall" şirkətləri Uniper-in İsveçdəki su və atom elektrik stansiyalarını hədəfə alıblar, həmçinin Almaniyanın RWE şirkəti də satış prosesinə qoşula bilər.

ABC.AZ xəbər verir ki, müraciətlər iyunun 12-dək qəbul olunur. Sövdələşmənin əsas mərhələləri belədir: ikinci raund yayda, imzalanma isə payızda gözlənilir. Payın bir hissəsinin strateji investora satılması, qalan səhmlərin isə bazara çıxarılması variantı mümkündür.

Qeyd edək ki, 2022-ci ildə Rusiya qazının tədarükünün kəsilməsi ilə yaranan enerji böhranı səbəbindən Almaniya hökuməti Uniper-i iflasdan xilas etmək üçün təxminən 13,5 milyard avro investisiya qoyaraq payını 99%-ə çatdırmışdı.

Aİ-nin rəqabət qaydalarına əsasən, Berlin 2028-ci ilin sonuna qədər dövlət payını 25% + bir səhmə qədər azaltmalıdır. Hazırda Uniper-in bazar kapitallaşması 8,8–11,4 milyard avro civarında qiymətləndirilsə də, hökumət səhmlərin ehtimal ki, güzəştlə (endirimlə) satılacağını etiraf edir.