“Abşeron” yatağından Türkiyəyə uzunmüddətli qaz tədarükü müqaviləsi imzalanıb

19:33 - 1.06.2026


1 iyun, Fineko/abc.az. Bakı Enerji Həftəsi çərçivəsində “Abşeron” yatağından Türkiyəyə uzunmüddətli qaz tədarükünə dair müqavilə imzalanıb.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, sənəd SOCAR prezidenti Rövşən Nəcəf, “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Opizzi və “XRG” şirkətinin beynəlxalq qaz məsələləri üzrə prezidenti Məhəmməd Əl-Eryani arasında keçirilən görüş zamanı SOCAR, “TotalEnergies”, “XRG” və “BOTAŞ” arasında imzalanıb.

Görüşdə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə gedişat nəzərdən keçirilib və yatağın işlənməsinin ikinci mərhələsi üçün konsepsiya üzərində razılıq əldə olunub.

“Abşeron” yatağının inkişaf perspektivləri:

  • Ehtiyatları: Bakıdan 100 km cənub-şərqdə yerləşən yatağın qaz ehtiyatları 350-400 milyard kubmetr qiymətləndirilir. Hasilata ilk dəfə 2023-cü ilin iyulunda başlanılıb.

  • İkinci mərhələnin hədəfləri: Bu mərhələ sualtı hasilat və quruda nəqli əhatə edir. Quyular təxminən 500 metr su dərinliyində qazılacaq və ümumi uzunluğu 7000 metri keçməklə Xəzərin ən dərin quyuları sırasında yer alacaq.

  • Hasilat gücü: İkinci mərhələ pik dövründə gündə 12,7 milyon kubmetr (ildə təxminən 4,5 milyard kubmetr) qaz və 37 min barel kondensat hasil etmək gücündə olacaq.

  • Tarix: Bu mərhələ üzrə hasilatın 2028-ci ilin sonu — 2029-cu ilin əvvəlində başlanması gözlənilir.