Azərbaycanın Xəzərdəki külək enerjisindən istifadə etməsi üçün çox iddialı planları var - Lobillo

16:32 - 1.06.2026


1 iyun, Fineko/abc.az. Azərbaycanın Xəzər dənizindəki külək enerjisindən istifadə etmək üçün çox iddialı planları var və Avropa İttifaqı (Aİ) gələcəkdə yaşıl enerji dəhlizi vasitəsilə təmiz elektrik enerjisinin ticarəti sahəsində də əməkdaşlıq etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero 31-ci Bakı Enerji Forumunda bildirib.

O, Avropa regionunun hazırda daha qlobal xarakter daşıyan ikinci enerji böhranı ilə üz-üzə qaldığını diqqətə çatdırıb:

"Hazırda yüksək enerji qiymətləri Aİ-na təsir göstərir. İlk olaraq biz dekarbonizasiyanı sürətləndirmək istəyirik. 2050-ci ilə qədər dekarbonizasiyaya nail olmaq üçün çox iddialı və aydın hədəflərimiz var. Aİ yerli istehsal olan enerji mənbələri yaratmalıdır. Bu, həm bərpa olunan enerji, həm də nüvə enerjisi deməkdir. Çünki xaricdən nə qədər çox idxal ediriksə, beynəlxalq bazardakı qıtlıqdan və dəyişkənlikdən bir o qədər çox təsirlənirik".