16:42 - 26.05.2026
26 may, Fineko/abc.az. İtaliyanın Eni şirkəti Petroci və Vitol tərəfdaşları ilə birlikdə Kot-d’İvuarda Baleine layihəsinin üçüncü mərhələsi (Baleine Phase 3) üzrə yekun investisiya qərarı (YİQ) qəbul edib. Yeni mərhələnin həyata keçirilməsi karbohidrogen hasilatını 2,5 dəfə artırmağa imkan verəcək.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Gözlənilir ki, üçüncü mərhələ çərçivəsində yatağın işlənməsi neft hasilatını sutkada 60 min bareldən 150 min barelə, qaz hasilatını isə sutkada 80 milyon kub futdan 200 milyon kub futa (5,7 milyon m³) çatdıracaq.
Layihə neftin hasilatı, saxlanması və yüklənməsi üçün yeni üzən istehsal kompleksinin (FPSO) yaradılmasını nəzərdə tutur.
Yataqdan hasil olunan qaz Kot-d’İvuarın daxili bazarına yönəldiləcək və ölkədə elektrik enerjisi istehsalının artırılmasına imkan verəcək.
Baleine Eni-nin ölkədə ilk yatağı və ən böyük aktividir, həmçinin Afrikada sıfır emissiya səviyyəsinə malik ilk yataq hesab olunur. Kəşf edilmiş ehtiyatlar 2 milyard barel neft və 68 milyard m³ səmt qazı (associated gas) həcmində qiymətləndirilir.