Avropa Komissiyasının Prezidenti: Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər

20:55 - 1.07.2026


1 iyul, Fineko/abc.az. Azərbaycanın bərpaolunan və yaşıl enerji sahəsində həyata keçirdiyi irihəcmli layihələr regionun enerji xəritəsini yenidən formalaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.

Azərbaycanın bərpaolunan enerji potensialını yüksək qiymətləndirən Komissiya rəhbəri ölkəmizin Xəzər dənizində çox böyük imkanlara sahib olduğunu və təmiz enerji sahəsində regional qovşaq rolunu oynaya biləcəyini vurğulayıb.

Avropa İttifaqının artıq Azərbaycanın ən böyük sərmayəçisi və əsas ticarət tərəfdaşı olduğunu xatırladan Ursula Fon der Lyayen bu iqtisadi əlaqələri daha da irəli aparmağın vacibliyini qeyd edib.

O, həmçinin əlavə edib ki, Bakı ilə Brüssel arasında ticarət dövriyyəsinin şaxələndirilməsi və genişləndirilməsi məqsədilə hazırda tərəflər arasında hərtərəfli və müfəssəl əməkdaşlıq sazişi üzərində işlər aktiv şəkildə davam etdirilir.