20:34 - 1.07.2026
1 iyul, Fineko/abc.az. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri qlobal və regional müstəvidə yeni mərhələyə qədəm qoyur.
ABC.AZ xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.
Komissiya rəhbəri rəsmi Bakının geosiyasi mövqeyini yüksək qiymətləndirərək vurğulayıb: “Sizin ölkəniz nadir ölkələrdəndir ki, o, regional sabitliyi və inkişafı irəli apara bilər”.
Azərbaycanın özünün strateji əhəmiyyətini və regional nüfuzunu davamlı olaraq artırdığını qeyd edən Ursula Fon der Lyayen tərəfdaşlığın əsas istiqamətlərinə toxunaraq bildirib ki, enerji sahəsi Bakı ilə Brüssel arasındakı əməkdaşlığın ən vacib sütunlarından biridir və son dövrdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu tam sübut edib.
Avropa Komissiyasının Prezidenti həmçinin əlavə edib ki, hazırda tərəflər regional kommunikasiyaların və nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində də yüksəksəviyyəli fəal dialoq həyata keçirirlər.