JPMorgan-ın rəhbəri "ağılsız " rəqabətin riskləri barədə xəbərdarlıq edib

10:25 - 25.02.2026


25 fevral, Fineko/abc.az. ABŞ-ın ən iri investisiya bankı olan JPMorgan-ın baş icraçı direktoru Ceymi Daymon maliyyə bazarında yaranmış kəskin rəqabət ilə 2008-ci ilin qlobal böhranından bir az əvvəl baş verənlər arasında paralellər aparıb.

ABC.AZ-ın Bloomberg-ə istinadən verdiyi məlumata görə, o, bu barədə investorlar qarşısında çıxış edərkən bildirib.

Daymon vurğulayıb ki, JPMorgan anlıq mənfəət naminə ehtiyatlılığı qurban vermək niyyətində deyil: yüksək rəqabətə baxmayaraq, bank xalis faiz gəlirini artırmaq üçün riskli kreditlər verməyə hazır deyil. Bununla belə, o müşahidə edir ki, bir çox bazar iştirakçıları mənfəət dalınca qaçarkən "ağılsız hərəkətlər edirlər".

Bankir qeyd edib ki, istənilən kredit dövrü ərzində "sürprizlər" olur və hazırda süni intellektin proqram təminatı (PT) sahəsinə təsiri belə bir sürpriz ola bilər. Bloomberg xatırladır ki, süni intellekt nəhənglərinin kapital xərclərini artırmaq planları fonunda bir sıra investorlar artıq texnologiya şirkətlərinin qiymətli kağızlarını satdıqlarını elan ediblər. Daymonun sözlərinə görə, maliyyə şirkətlərinin səhmləri də süni intellekt yarışından zərər görüb, baxmayaraq ki, o, JPMorgan-ı rəqiblər arasında qalib hesab edir.