11:04 - 10.04.2025
10 aprel, Fineko/abc.az. Bakıda qəzalı binaların mərhələli söküntüsü planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Qeyd edilib ki, hazırda Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Sözügedən binalar paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında yerləşir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, infrastrukturun yenilənməsi daşınmaz əmlak bazarına xüsusi təsir göstərəcək:
“Belə ki, proses həmin ərazilərdə qiymətlərin artmasına səbəb olacaq. Sözügedən ərazilərdə yeni binaların tikilməsi mərkəz və mərkəzə yaxın ərazilərdə qiymətlərin tənzimlənməsi ilə nəticələnəcək. Yəni, indiyədək qiymət artımı müşahidə olunan ərazilərdə müəyyən stabilləşməyə şahidlik edəcəyik”.
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev də sözügedən prosesin evlərin qiymətlərinə təsirsiz ötüşməyəcəyini deyir. (Oxu.Az)