Nərimanovda Universitet tikiləcək

10:42 - 9.01.2025


9 yanvar, Fineko/abc.az. Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şuşa” restoranının sökülməsi ilə bağlı yeni məlumatlar yayılıb.

ABC.AZ xəbər verir ki, restoranın sahiblərinə Əhmədlidə yerləşən, üç böyük zalı olan “Leyla” şadlıq evi alternativ olaraq təklif edilib.

“Şuşa” restoranı və ətrafdakı obyektlərin sökülməsi qərarı, Nərimanov Rayon İcra Hakimiyyətinin açıqlamasına görə, bir neçə səbəbə əsaslanır. Bildirilib ki, restoranın yerləşdiyi ərazi park statusuna malik olsa da, illər əvvəl qeyri-qanuni şəkildə özəlləşdirilib və sənədləşdirilib. Əlavə olaraq, parkdakı ağaclara lazımi qulluq göstərilməməsi, tonqalların nəzarətsiz qalanması və yanğın təhlükəsinin yaranması sakinlərin narazılığına səbəb olub. Bu problemləri nəzərə alaraq, restoranın sökülməsi və parkın abadlaşdırılması qərara alınıb.

Restoranın sökülən ərazisində ADA Universitetinin baş planına uyğun genişmiqyaslı layihə həyata keçiriləcək. Layihəyə əsasən, parkın ərazisi yenidən qurularaq həm böyüklər, həm də uşaqlar üçün əyləncə və istirahət imkanları yaradılacaq. Eyni zamanda, burada İtaliya-Azərbaycan Universiteti fəaliyyət göstərəcək. Universitetin inşasının artıq son mərhələyə çatdığı və bu il açılış mərasiminin keçiriləcəyi bildirilir.