10:05 - 13.02.2024
13 fevral, Fineko/abc.az. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən ABC.AZ-a daxil olmuş məlumata əsasən, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir.
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.