15:22 - 30.03.2020
30 mart, Fineko/abc.az. Bu gün Milli Məclisin onlayn formada keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib.
ABC.AZ xəbər verir ki, bundan sonra tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 7 il deyil, 8 il sonra qüvvəyə minəcək.
Bu dəyişiklik “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun müzakirəsi zamanı qəbul edilib.
Dəyişikliklə sənədin 2.2-ci maddəsində “7 il” sözü “8 il” sözü ilə əvəz edilib.
Məcəllənin həmin maddəsində deyilir: Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci ildə təsdiqlənib.