Bütün xidmətlərin myGov üzərindən olması vətəndaşlara proaktiv xidmət göstərməyə imkan yaradır - Nazir müavini

11:01 - 15.07.2026


15 iyul, Fineko/abc.az. "myGov Biznes" platformasının dövlət qurumları ilə inteqrasiyasına başlanılıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bildirib.

Onun sözlərinə görə, fərqli mərhələlərdə müxtəlif dövlət qurumlarında həyata keçirilən proseslər artıq vahid platformada birləşdirilir:

"Bütün xidmətlərin myGov üzərindən təqdim edilməsi vətəndaşlara proaktiv xidmət göstərməyə imkan yaradır. Məsələn, doğum hadisəsi qeydə alındıqdan sonra məlumat avtomatik olaraq Səhiyyə Nazirliyinin sistemindən Ədliyyə Nazirliyinə ötürülür. Beləliklə, bütün prosesin başdan sona ("end-to-end") rəqəmsallaşdırılması mümkün olur. Nəticədə artıq bir sıra xidmətlər üzrə sənədlərin tam şəkildə myGov üzərindən təqdim edilməsi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir. Eyni yanaşmanın bizneslə dövlət arasında münasibətlərdə də tətbiqi nəzərdə tutulur. Bu məqsədlə "myGov Biznes" platforması test mühitində sınaqdan keçirilib və bəzi dövlət qurumları ilə inteqrasiya işlərinə artıq başlanılıb".

Bundan başqa, nazir müavini deyib ki, Azərbaycanda agent əsaslı "myGov" platformasına keçid edilməsi planlaşdırılır:

"Artıq "myGov"da "chatbot"un beta versiyası istifadəyə verilib. Növbəti aylarda isə agent əsaslı "myGov" platformasına keçidi hədəfləyirik. Bu istiqamətdə layihələr artıq müəyyən edilib və yaxın aylarda onların icrasının yekunlaşdırılması planlaşdırılır. Bundan əlavə, "myGov"a "voice-to-text" və "voice-to-voice" texnologiyalarının inteqrasiyası nəzərdə tutulur. Beləliklə, vətəndaş səsli mesaj göndərməklə ehtiyac duyduğu xidməti myGov vasitəsilə əldə edə biləcək. Eyni zamanda, digər dövlət qurumları ilə süni intellektin tətbiqi istiqamətində sıx əməkdaşlıq edirik. Müxtəlif istifadə ssenariləri müəyyənləşdirilib, bəzi layihələrin icrasına isə artıq başlanılıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, hər bir dövlət qurumunda rəqəmsallaşmaya cavabdeh müavin səviyyəsində məsul şəxs müəyyən edilib. Onların əksəriyyəti ilə ikitərəfli görüşlər keçirmişik, bəziləri ilə isə bir neçə dəfə müzakirələr aparmışıq. Hesab edirəm ki, bu yanaşma rəqəmsal transformasiya təşəbbüslərinin daha sürətli icrası baxımından mühüm və strateji addımdır".