HSBC qlobal bazarda qızılın qiyməti ilə bağlı proqnozunu endirib

15:24 - 9.07.2026


9 iyul, Fineko/abc.az. London mərkəzli investisiya bankı HSBC, ABŞ dollarının möhkəmlənməsi və yüksək faiz dərəcələrinin yaratdığı təzyiqləri əsas gətirərək 2026-cı il üçün orta qızıl qiyməti proqnozunu 6,3% aşağı salıb. Bankın baş analitiki Ceyms Stil tərəfindən hazırlanan hesabata əsasən, bu strateji dəyişiklikdən sonra qızılın bir unsiya üçün qiymət gözləntisi 4 560 dollara endirilib.

Bank analitikləri ilin qalan hissəsində qızılın bir unsiyasının 3 800 - 4 700 dollar arasında geniş diapazonda hərəkət edəcəyini və ilin sonunda 4 750 dollar səviyyəsində qərarlaşacağını ehtimal edirlər. Qısamüddətli təzyiqlər səbəbindən bank 2027-ci il üçün orta qiymət proqnozunu da 5 000 dollardan 4 925 dollara düşürüb. Bununla belə, qlobal iqtisadiyyatdakı struktur risklərinin qızılın uzunmüddətli "təhlükəsiz liman" statusunu qoruyacağına inanan HSBC, 2028-ci il üçün 5 200 dollar, 2029-cu il üçün isə 5 300 dollar olan proqnozlarını sabit saxlayıb.