Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnoz açıqlayıb

11:10 - 9.07.2026


9 iyul, Fineko/abc.az. 2026-cı ildə Azərbaycanda iqtisadi artımın 2%-ə çatacağı gözlənilir.

Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Vael Mansur Bakıda “Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026” hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, 2026-cı ildə iqtisadi artım neft sektorunda sabitləşmə və qeyri-neft istehlakının tədricən bərpası hesabına sürətlənəcək.

Vael Mansur bildirib ki, Dünya Bankı 2026-cı ildə orta illik inflyasiyanın 5,8% olacağını proqnozlaşdırır. Bu, əsasən qlobal enerji və nəqliyyat xərclərinin təsiri ilə əlaqədardır. Bununla belə, 2027-2028-ci illərdə inflyasiyanın yenidən təxminən 4% səviyyəsinə enəcəyi gözlənilir.

O qeyd edib ki, 2027 və 2028-ci illərdə iqtisadi artımın orta hesabla 1,8% olacağı proqnozlaşdırılır. Dünya Bankına görə, orta müddətli fiskal konsolidasiya daxili tələbə müəyyən təsir göstərəcək.

Baş iqtisadçı vurğulayıb ki, hökumət ehtiyatlı makroiqtisadi siyasəti davam etdirəcək. Neft qiymətlərinin 2026-cı ildə büdcə və xarici sektorun profisitini müvəqqəti artıracağı gözlənsə də, orta müddətli fiskal çərçivə dövlət maliyyəsinin dayanıqlılığının qorunmasına yönəlib.

Onun sözlərinə görə, hökumətin hədəfi 2029-cu ilədək qeyri-neft gəlirlərinin ümumi büdcə gəlirlərində payını 61%-ə çatdırmaqdır. Dünya Bankı hesab edir ki, bu yanaşma bazarların etimadını gücləndirəcək, risk mühitini yaxşılaşdıracaq, kreditləşmə və birbaşa xarici investisiyalar üçün daha əlverişli şərait yaradacaq.