15:32 - 10.07.2026
10 iyul, Fineko/abc.az. Azərbaycan rəsmi dairələri qlobal texnologiya layihələrinin ölkəyə cəlb edilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində növbəti strateji addımı atıb.
ABŞ-yə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov dünyanın ən böyük mikrosxem və süni intellekt (Sİ) nəhəngi olan "NVIDIA" korporasiyasının baş qərargahını ziyarət edib. Səfər zamanı nazir müavini şirkətin beynəlxalq və hökumətlərarası əlaqələr üzrə vitse-prezidenti Ned Finkl ilə geniş tərkibli görüş keçirib.
Görüşdə tərəflər süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi mexanizmlərini, eləcə də rəqəmsal transformasiya proseslərinin və innovativ Sİ alətlərinin vətəndaşlara xidmət göstərilməsi sahəsinə təsirlərini və bu istiqamətdə birgə əməkdaşlıq perspektivlərini ətraflı müzakirə ediblər.