11:30 - 10.07.2026
10 iyul, Fineko/abc.az. Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin, layihəyə əsasən, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədilməsinə görə də cəzalar sərtləşdirilir.