17:31 - 9.07.2026
9 iyul, Fineko/abc.az. 2026-cı ilin iyun ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 176.4 min nəfər olub. Bu göstəricinin 38.9%-ni və ya təxminən 68.6 min nəfərini kişilər, 61.1%-ni və ya 107.8 min nəfərini isə qadınlar təşkil edib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bu operativ məlumat hesab edilir. Müqayisə üçün, 2025-ci ilin iyun ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 166 mindən çox olub. Həmin dövrdə müavinət alanların 34.84%-i və ya təxminən 57.8 min nəfəri kişilər, 65.16%-i və ya təxminən 108.2 min nəfəri isə qadınlar idi.
Beləliklə, bir il ərzində yaşa görə sosial müavinət alan kişilərin sayı təxminən 10.8 min nəfər artıb və onların ümumi benefisiarlar arasındakı payı 34.84%-dən 38.9%-ə yüksəlib.
Eyni zamanda, qadınların payı 65.16%-dən 61.1%-ə enib, baxmayaraq ki, onlar bu kateqoriya üzrə müavinət alanların əksəriyyətini təşkil etməkdə davam edirlər.