10:23 - 3.07.2026
3 iyul, Fineko/abc.az. Məşğulluqla bağlı zəif makroiqtisadi göstəricilərin dərc olunması fonunda dünya bazarında qızılın qiyməti inamlı artım nümayiş etdirib. Bu göstəricilər investorların qlobal tənzimləyicilər tərəfindən faiz dərəcələrinin uzun müddət yüksək saxlanılacağına dair narahatlıqlarını azaldıb. Belə bir şəraitdə dolların indeksi enişə doğru gedib, spot qızılın qiyməti isə cümə günü 1,4%-dən çox artaraq bir unsiya üçün 4 179,94 dollara (23 iyundan bəri ən yüksək səviyyə) çatıb. Nəticədə, həftənin yekunlarına görə qiymətli metal 2,3% dəyər qazanır ki, bu da son beş həftənin ilk həftəlik yüksəlişi olacaq.
Analitiklər qeyd edirlər ki, işçi qüvvəsinin işə qəbulu templərinin zəifləməsi investorları pul-kredit siyasətinin növbəti sərtləşdirilməsi ilə bağlı proqnozlarına yenidən baxmağa məcbur edib və payızda faizlərin növbəti artımı ehtimalını 66%-dən 54%-ə endirib. Bununla belə, iqtisadiyyatın soyuması riski tamamilə yox olmayıb, buna görə də ilin sonuna doğru qızıl bazarında qiymətlərin yenidən geriləməsi və unsiya üçün 3 500 dollar səviyyəsinə düşməsi ilə nəticələnən yeni korreksiya dalğası mümkündür. Bazara digər bir dəstək isə Dünya Qızıl Şurasından gəlib; qurum mərkəzi bankların aktiv satınalmaları bərpa etdiyini və bir ay ərzində rəsmi qızıl ehtiyatlarının xalis həcminin 41 ton artdığını bəyan edib.
Qızılın ardınca digər qiymətli metallarda da nəzərəçarpacaq artım müşahidə olunub. Spot gümüş 2,3% bahalaşaraq 62,43 dollara, platin 2,7% artaraq 1 660,05 dollara, paladium isə 1,3% dəyər qazanaraq bir unsiya üçün 1 284,40 dollara yüksəlib. Hər üç metal bir həftədən çox müddətin ən yüksək səviyyəsinə qalxıb və dünya birjalarında cari yeddi günlük dövrü yaşıl zonada (artımla) başa vurur.