Bu il Naxçıvan Muxtar Respublikasına 50 qutu ipəkqurdu toxumu gətirilib

14:32 - 2.07.2026


2 iyul, Fineko/abc.az. Bu il Naxçıvan Muxtar Respublikasına 50 qutu ipəkqurdu toxumu gətirilib və mövsümün yekununda 2 880 kiloqram yaş barama istehsal olunub.

Bu göstərici ötən illə müqayisədə 31,1 % çoxdur.

Məhsuldarlıq göstəricilərinə görə Şahbuz rayonunun Ayrınc kəndi bir qutudan orta hesabla 110 kiloqram məhsul əldə etməklə birinci, Babək rayonunun Şıxmahmud kəndi isə 103 kiloqram göstərici ilə ikinci yeri tutub. Əldə olunan nəticələr Naxçıvanı bir qutu üzrə orta hesabla 57,6 kiloqram yaş barama istehsalı ilə ölkə üzrə ilk sıraya yüksəldib.

Rayonlar üzrə istehsal göstəricilərinə əsasən, Şərur rayonunda 577,88 kiloqram, Ordubadda 565,1 kiloqram, Babəkdə 555,72 kiloqram, Kəngərlidə 395,3 kiloqram, Culfada 276,1 kiloqram, Şahbuzda 229 kiloqram, Sədərəkdə 195,4 kiloqram, Naxçıvan şəhərində isə 85,5 kiloqram yaş barama istehsal olunaraq emal üçün Şəki şəhərində yerləşən "Azəripək" ASC-yə göndərilib.

Qeyd edək ki, baramaçılıqla məşğul olan kümçülərin fəaliyyətinin stimullaşdırılması məqsədilə dövlət tərəfindən hər kiloqram yaş baramaya görə 6 manat subsidiya verilir. Bundan əlavə, məhsulu satın alan şirkət tərəfindən hər kiloqram üçün 5 manat ödəniş həyata keçirilir.