16:10 - 22.06.2026
22 iyun, Fineko/abc.az. Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasından kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaradacaq.
ABC.AZ xəbər verir ki, bunu Naxçıvanda jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Bu gün Şərur rayonunda Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı müşavirə keçirilib. Müşavirədən irəli gələn vəzifələrin icrası ilə əlaqədar kecirilən tədbirdə özəl sektor nümayəndələrinə Dövlət proqramı barədə ətraflı məlumat verilib, sahibkarlarla geniş müzakirələr aparılıb, onların təklif və sualları dinlənilərək cavablandırılıb. Müşavirədə proqramın Muxtar Respublikada tətbiqi imkanları, prioritet istiqamətləri və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb.
M.Məmmədov qeyd edib ki, fundamental tədbirlər kənd təsərrüfatı sahəsində birbaşa həyata keçiriləcək fəaliyyətləri, dəstəkləyici tədbirlər isə qanunvericilik təşəbbüslərini, institusional islahatları və rəqəmsallaşma istiqamətində görüləcək işləri əhatə edir:
" Bugünkü görüşdə Naxçıvanda fundamental tədbirlərin icrası, özəl sektorun bu prosesdə iştirakı və dövlətin dəstək mexanizmləri barədə məlumat verildi. Xüsusilə heyvandarlıq, bitkiçilik və müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsinin əhəmiyyəti vurğulandı".