Almanlar Azərbaycanda süni intellekt mütəxəssisləri hazırlayacaq

12:09 - 14.05.2026


14 may, Fineko/abc.az. Azərbaycanda yetişəcək ilk süni intellekt mütəxəssisləri iş axtarmayacaq, iş yerləri yaradacaqlar.

ABC.AZ xəbər verir ki, bunu Almaniyanın Münhen Texniki Universitetinin süni intellekt prosessor dizaynı kafedrasının rəhbəri və (Munich Center for Advanced AI Chips) mərkəzinin direktoru Hussam Amrouch jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkədə bakalavr, gələcəkdə isə magistr proqramlarının yaradılmasına dəstək veriləcək: "Bu tərəfdaşlıqdan qürur duyuruq və süni intellekt dövründə təhsil və transformasiya sahəsində yüksək standartların qurulmasına töhfə verməyi səbirsizliklə gözləyirik. Hazırda Azərbaycan üçün süni intellekt sahəsində böyük imkanlar yaranır və ölkənin bu fürsətdən yararlanmaq potensialı yüksəkdir. Bir çox ölkələr indi süni intellekt sahəsinə qoşulmağa çalışır. Biz hesab edirik ki, Azərbaycan üçün də bu, böyük fürsətdir. Bu proses tələbələrdən, istedadların inkişafından və güclü təməldən başlayır. İnanırıq ki, Azərbaycan regionda fərq yaradacaq".