Azərbaycanın kənd təsərrüfatı məhsulları Aİ ölkələrinə ixrac olunacaq?

16:25 - 31.10.2025


31 oktyabr, Fineko/abc.az. Azərbaycanın istehsal etdiyi məhsulların, o cümlədən kənd təsərrüfatı məhsullarının Bolqarıstan vasitəsilə Avropa İttifaqı və üçüncü ölkələrə ixracı ilə bağlı yaranan çətinliklərin, bürokratik əngəllərin aradan qaldırılması vacibdir.

ABC.AZ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxışı zamanı bildirib.

İclasdan əvvəl hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri M. Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın Bolqarıstan tərəfindən həmsədri, energetika naziri Jeço Stankovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş olub.

Görüşdə Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə, qida təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.