Tikintiyə icazə ilə bağlı sahibkarların üzləşdiyi müəyyən çətinliklər qalır - KOBİA sədri

12:16 - 2.10.2025


2 oktyabr, Fineko/abc.az. Azərbaycanda tikinti və istismar icazələrinin verilməsi prosesində sahibkarların üzləşdiyi müəyyən çətinliklər hələ də qalmaqdadır.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov  tədbirdə deyib.

Onun sözlərinə görə, cari il ərzində agentliyə tikinti sektoruna dair bir sıra müraciətlər daxil olub: "Onların böyük əksəriyyəti müvafiq icazələrin verilməsi ilə bağlıdır. Bundan əlavə, müraciətlər mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı yaranan çətinlikləri, tikinti aparılan sahədə ağacların köçürülməsi məsələlərini, tikinti materiallarının istehsalı üçün ‘Dağ-mədən ayırması" aktının əldə olunmasını, həmçinin sahibkarlara məxsus torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı problemləri əhatə edib".

O.Məmmədov qeyd edib ki, icazə prosedurlarında dəyişikliklər sahibkarların fəaliyyətinə təsir baxımından əvvəlcədən ciddi təhlillər əsasında qiymətləndirilməli, müraciətlərin qəbulu və cavablandırılması üçün vahid elektron platforma tam funksional şəkildə tətbiq olunmalıdır: "Eyni zamanda, KOB-ların vaxt və vəsait itkilərinin azaldılması üçün rəqəmsal həllər, innovativ yanaşmalar və pilot layihələr dəstəklənməlidir". © Report