Ağdərə, Laçın, Xocalı rayonlarında daha 26 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verilib

16:57 - 8.08.2025


8 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu dəfə Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən daha 26 şəxsi proqram çərçivəsində aktivlərlə təmin edib.

ABC.AZ quruma istinadla xəbər verir ki, verilmiş aktivlər hesabına həmin sakinlər maldarlıq, keçiçilik, qoyunçuluq və arıçılıq zərfləri üzrə öz təsərrüfatlarını yaradıblar.

"Proqram iştirakçıları doğma yurdlarında təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəkdən razı qaldıqlarını bildirib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Beləliklə, Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən artıq 220 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatların qurulması işləri davam etdirilir.