Bakının bu ərazisində bulvar tikiləcək

10:32 - 20.02.2025


20 fevral, Fineko/abc.az. Bakıda, Bülbülə gölü ətrafında yeni bulvar salınacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidməti məlumat yayıb.

Bildirilib ki, uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək.

Ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Bəzi evlərlə göl arasındakı məsafə 10 metrdən də yaxındır.

Hazırda gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib.

Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün gölün ətrafında minlik magistral xətt çəkilib.