11:41 - 24.01.2025
24 yanvar, Fineko/abc.az. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC–yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən ABC.AZ- verilən məlumata görə, yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb.
Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, “temperatur qeydiyyat vərəqəsi” də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin “radioloji-gigiyenik pasport sənədi” yoxlamaya təqdim olunmayıb.