12:10 - 12.01.2024
12 yanvar, Fineko/abc.az. General-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - quru qoşunlarının komandanı təyin edilib.
ABC.AZ Pravda.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb. Bundan əvvəl eyni vəzifəni icra edən general-leytenant Ənvər Əfəndiyev isə ehtiyata buraxılıb.
Qeyd edək ki, Hikmət Mirzəyev bu təyinata kimi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı idi.
Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib.
Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Sonradan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.