16:54 - 24.10.2023
24 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev oktyabrın 24-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
ABC.AZ xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı.
Bu baxımdan ölkəmizin müxtəlif yerlərində “Mustafa Kamal Atatürk – 2023” Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nümayiş etdirilməsindən məmnunluq ifadə olunub.
Türkiyə Respublikasının milli müdafiə naziri bu təlimlərin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.
Söhbət zamanı Azərbaycanın və Türkiyənin dövlət başçılarının mütəmadi görüşlərinin və təmaslarının münasibətlərimizin inkişafında rolu qeyd olunaraq, bu ilin sentyabrında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin əhəmiyyətinə toxunulub.