11:42 - 30.06.2026
30 iyun, Fineko/abc.az. “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” ASC qiymətli kağızlar bazarına 2 milyon manat həcmində yeni istiqraz buraxır.
ABC.AZ xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının 7 may 2026-cı il tarixli qərarına əsasən, hər birinin nominal dəyəri 100 manat olan ümumilikdə 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz buraxılacaq. Emissiyanın ümumi həcmi 2 milyon manat təşkil edir.
İstiqrazların illik gəlirliliyi 16%, tədavül müddəti isə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 18 ay müəyyən edilib. Kupon ödənişləri hər üç aydan bir həyata keçiriləcək və hər istiqraz üzrə rüblük gəlir 4 manat olacaq.
Bakı Fond Birjasında baş tutacaq emissiyanın anderrayteri “Troni İnvestisiya Şirkəti” ASC-dir.
Audit edilmiş maliyyə hesabatlarına əsasən, “MJ Financial Services” BOKT-un cəmi aktivləri 2025-ci ilin sonuna 21.97 milyon manata, cəmi kapitalı isə 13.33 milyon manata yüksəlib. Şirkətin xalis kredit portfeli son iki ildə 12.7 milyon manatdan 18.1 milyon manata qədər artıb, xalis faiz gəlirləri isə 9.0 milyon manat təşkil edib.