ABB Invest şirkəti buna görə universitetlərlə əməkdaşlığa başlayıb

15:38 - 14.05.2026


14 may, Fineko/abc.az. ABB Invest investorların maliyyə savadlılığının artırılması məqsədilə “Investube” adlı yeni maarifləndirici layihəyə start verib.

ABC.AZ xəbər verir ki, bunu ABB İnvest-in 2025-ci ilin yekunu üzrə maliyyə göstəricilərinə dair mətbuat konfransında şirkət nümayəndələri bildiriblər.

Qeyd edilib ki, layihə çərçivəsində kapital bazarı ilə bağlı terminlər və investisiya anlayışları sadə dildə izah olunacaq, videolar isə əsasən YouTube platformasında yayımlanacaq.

Layihə çərçivəsində hər ay müxtəlif mövzularda qısa videolar hazırlanacaq. Şirkət rəsmiləri rəqəmsal platformalarda 2-3 dəqiqəlik qısa video formatına üstünlük verdiyini bildirib.

ABB Invest həmçinin universitetlərlə əməkdaşlıq etdiyini açıqlayıb. Şirkət nümayəndələri bildiriblər ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə maarifləndirmə layihələri həyata keçirilir və sentyabrdan yeni tədris proqramına start veriləcək.

Bundan əlavə, Qarabağ Universiteti ilə də ilkin razılaşma əldə olunub.

Müəllif: Elmir Muradov