Avropa Bankı indiyədək Azərbaycana 3,712 milyard avro investisiya yatırıb

10:58 - 1.05.2026


1 may, Fineko/abc.az. Maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə İcraçı direktoru xanım Elizabetta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə AYİB arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, mövcud layihələrin icra vəziyyəti və gələcək təşəbbüslər müzakirə olunub.

Qeyd olunub ki, indiyədək AYİB tərəfindən Azərbaycanda 202 layihə üzrə 3,712 milyard avro investisiya yatırılıb. Hazırda bankın ölkəmiz üzrə portfeli 898 milyon avro təşkil edir və bunun əhəmiyyətli hissəsi özəl sektorun payına düşür.

AYİB-nin dəstəyi ilə Gəncə şəhərində icra olunan infrastruktur layihələrinin icra vəziyyətinə toxunan nazir, xüsusilə su təchizatı və kanalizasiya layihəsinin strateji əhəmiyyətini qeyd edib, layihələrin mərhələli icrasının və maliyyələşmənin icra qrafikinə uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, E. Falçetti Azərbaycan ilə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, AYİB-nin ölkəmizdə özəl sektorun dəstəklənməsi, yaşıl maliyyə alətlərinin genişləndirilməsi və dayanıqlı infrastrukturun inkişafı istiqamətlərində birgə təşəbbüslərin davam etdirilməsinə hazır olduğunu bildirib.

Görüş zamanı, həmçinin Şəki şəhəri üzrə su təchizatı və tullantı su layihəsi, eləcə də Böyük Bakı–Abşeron Su Proqramı çərçivəsində nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər yeni layihələrin qiymətləndirilməsi zamanı borc dayanıqlığı, icra potensialı və risklərin balanslı bölgüsünün əsas meyarlar kimi nəzərə alınmasının vacibliyini, eləcə də kredit, qrant və texniki yardım alətlərinin birgə tətbiqinin əhəmiyyətini vurğulayıblar.