Azərbaycanın Türkiyə iqtisadiyyatına kapital qoyuluşları 13,1 milyard dollara çatıb

15:13 - 12.03.2026


12 mart, Fineko/abc.az. 2025-ci ilin altı ayının sonuna olan vəziyyətə görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına kapital qoyuluşlarının ümumi həcmi 13,1 milyard ABŞ dollarına çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) İnteqrasiya Araşdırmaları Mərkəzinin Baş analitiki Aydos Omarov "Avrasiya regionunun investisiya dinamikası: yekunlar və tendensiyalar" mövzusunda hesabatın təqdimatında bildirib.

Onun məlumatına görə, əks investisiya axını - Türkiyədən Azərbaycana - 3,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

"Türkiyədəki ən irimiqyaslı Azərbaycan layihəsi ümumi investisiya həcmi təxminən 7 milyard dollar olan, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən STAR neft emalı zavodunun inşasıdır. Türkiyə tərəfindən isə ən böyük investisiya layihəsi Türkiyənin TPAO şirkətinin "Şahdəniz" qaz-kondensat yatağının işlənməsində iştirakıdır. Bu investisiyaların həcmi 2,85 milyard dollar təşkil edir", - A.Omarov qeyd edib.