Dünya Bankı ilə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub

15:08 - 26.01.2026


26 yanvar, Fineko/abc.az. Azərbaycan hökumətinin Dünya Bankı ilə həyata keçirdiyi layihələrin icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu gün nazir Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi Qafqaz üzrə regional direktor xanım Roland Praysın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı ölkəmizlə Dünya Bankı arasında əməkdaşlğın mövcud vəziyyəti və inkişaf perspektivləri, Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhər inkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcək proqramlar müzakirə edilib.

S.Babayev bildirib ki, Azərbaycanla Dünya Bankı arasında 30 ildən artıq davam edən tərəfdaşlıq çərçivəsində Bank ölkəmizə dəstək məqsədilə ümumilikdə 54 layihəyə təqribən 5,2 milyard ABŞ dolları vəsait ayırıb və bu əməkdaşlıq ölkədə iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı infrastrukturun təmin olunmasına mühüm töhfələr verib.

Görüşdə qeyd olunub ki, "Bərpa Olunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi" (AZURE) layihəsi çərçivəsində tikilən günəş və külək elektrik stansiyaları ölkənin enerji sisteminə inteqrasiya olunaraq dayanıqlı enerji infrastrukturunun inkişafını təmin edir. Bununla yanaşı, "Məşğulluğa dəstək" layihəsi və onun əlavə maliyyələşdirilməsi təşəbbüsləri işsiz əhalinin məşğulluq imkanlarının genişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı dəstəkləyir. Eyni zamanda, "Regional yollar və inkişaf" layihəsi regionlararası nəqliyyat bağlantılarını gücləndirərək ümumi iqtisadi fəallığın canlanmasına imkan yaradır.