11:28 - 13.01.2026
13 yanvar, Fineko/abc.az. Qarabağ və Şərqi Zəngəzur yeni formalaşan bazar olduğu üçün burda daşınmaz əmlak obyektləri yeni inşa olunur. Yeni olduğu üçün, tikinti şərtlərinin mürəkkəbliyinə görə, turizm potensialnın olması, investisiyaların mövcudluğu sözügedən ərazilərdə qiymət müəyyənləşdirici faktor kimi çıxış edir və müqayisə etsək, Bakı şəhərindəki qiymətlərə daha çox yaxınlıq proqnozlaşdırılır.
Bunu ABC.AZ-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib və bildirib ki, həmin ərazilərdə daşınmaz əmlak bazarı tam müəyyən olunandan sonra həm torpaq sahəsi, həm binalarda yerləşən yeni tikililərin çox yüksək qiymətə bazara təklif olunma ehtimalları var:
"Rəqəmlərə gəlincə isə illik artım əgər ortalama ölkə üzrə 15-20 faiz civarındadırsa, regionlarda bu 10-12, bəzi hallarda 14 faizə qədər müəyyən olunur və regionlarda əsas artıma məruz qalan torpaq sahələridir. Torpaq sahələrində artım kifayət qədər nəzərəçarpacaq dərəcədə baş verib. İstər yaşayış sahələrində, istər kənd təsərrüfatı torpaqlarinda artım çox ciddi şəkildə baş verir. Bu da ölkə iqtisadiyyatının böyüməsi ilə qiymətlərin artımı tendensiyası ilə və eyni zamanda manatın alıcı qabiliyyəti ilə bağlı məsələlərdir".
Müəllif: Elmir Muradov