17:10 - 18.12.2025
18 dekabr, Fineko/abc.az. Mercedes-Benz tikinti şirkəti Binghatti ilə birgə Dubayın Meydan rayonunda avtomobil konserninin brendi altında dünyanın ilk iri yaşayış kompleksini — Mercedes-Benz Places — Binghatti City layihəsini inşa edəcək.
ABC.AZ xəbər verir ki, sahəsi 850 min kvadratmetr, investisiya həcmi isə 8,2 milyard ABŞ dolları olan layihənin icrasına 14 yanvar 2026-cı il tarixində başlanılması planlaşdırılır.
Kompleks tam inteqrasiya olunmuş “şəhər daxilində şəhər” konsepsiyası əsasında qurulacaq. Buraya yaşayış qüllələri, ictimai məkanlar, ticarət küçələri, parklar, mədəni və əyləncə obyektləri, həmçinin inkişaf etmiş piyada və nəqliyyat infrastrukturu daxil olacaq. Layihə Mercedes-Benz-in avtomobil istehsalından kənarda biznesinin genişləndirilməsi strategiyasının tərkib hissəsidir.