11:41 - 8.12.2025
8 dekabr, Fineko/abc.az. Türk İnvestisiya Fondu layihələrin maliyyələşdirilməsinə 2026-cı ilin I rübündə başlamağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib. Qərar fondun İdarə Heyətinin 5 dekabr tarixində Bişkekdə keçirilmiş 2-ci iclasında təsdiqlənib.
Qurum qeyd edib ki, fondun tam investisiya fəaliyyətinə başlaması regionun sürətli inkişafına təkan verəcək və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında tərəfdaşlığı genişləndirəcək.
Türk İnvestisiya Fondu 2023-cü ildə Ankarada keçirilmiş TDT sammiti nəticəsində yaradılıb. Fondun kapitalı 600 milyon ABŞ dolları təşkil edir. Kapital, altı ölkə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan) tərəfindən bərabər şəkildə qoyulmuş $100 milyonluq paylardan formalaşıb.
Fondun mexanizmləri iqtisadiyyatın əsas sahələrində, o cümlədən infrastruktur, bərpa olunan enerji, aqrosənaye kompleksi, turizm, IT və digər istiqamətlərdə birgə təşəbbüsləri dəstəkləməyə yönəlib.