10:39 - 18.11.2025
18 noyabr, Fineko/abc.az. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutu (AzMİ) milli vaxt infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addım atıb.
ABC.AZ agentliyə istinadən xəbər verir ki, ilk dəfə Milli Etalon Vaxtı, yəni UTC (AZ) Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (Bureau International des Poids et Mesures - BIPM) səviyyəsində təsdiqlənib.
Hazırda Azərbaycan UTC-yə (Coordinated Universal Time – Koordinasiyalı Universal Vaxt) töhfə verən laboratoriyaya malik dövlətlər sırasında yer alır. Belə ki, AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası tərəfindən milli vaxtla peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq BIPM-ə göndərilir. Sözügedən laboratoriya yüksək dəqiqlikli sezium atom saatları, peyk siqnal qəbulediciləri və NTP (Network Time Protocol – Şəbəkə Vaxtı Protokolu) əsaslı vaxt paylama sistemi ilə təchiz olunub.