Dövlət əmlaklarının qiymətləndirilməsinə başlanılır

10:56 - 17.11.2025


17 noyabr, Fineko/abc.az. Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının qiymətləndirilməsinə başlanılır.

ABC.AZ xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edilib.

Bildirilib ki, qiymətləndirmə işləri ümumilikdə 5000-dən çox əmlakı əhatə edəcək.

Belə ki, dövlət müəssisə və təşkilatlarının balansında olan və hərraca çıxarılacaq 1 200 sayda nəqliyyat vasitəsinin qiymətləndirilməsi və dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq 8 sayda səhmdar və məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalının müəyyən edilməsi nəzərdə tutulub.

Bununla yanaşı qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan 4 000 sayda torpaq sahəsinə, həmçinin 250 sayda kiçik dövlət müəssisə və obyektinə, o cümlədən daşınar dövlət əmlakına baxış keçirilməsi planlaşdırılıb.