Masazır sakinləri internetin keyfiyyətindən narazıdır- "Aztelekom"dan isə problemi həll etdiklərini deyirlər  

17:09 - 4.11.2025


4 noyabr, Fineko/abc.az. Masazır sakinləri "Aztelekom"dan narazıdır. Belə ki, artıq bir neçə gündür ki,  Masazırda internetin verilməsində problemlər yaranıb.

Bu barədə sakinlərin özləri ABC.AZ-a məlumat verib.

Onlar iddia edir ki, bir müddət əvvəl köhnə midemləri də dəyişən "Aztelekom" işçiləri bundan sonra keyfiyyətin artacağı vədini veriblər. Elə bütün çətinliklər də bundan sonra yaranıb. Yeni modem keyfiyyət yerinə, özü ilə bərabər problemlər gətirib. Abonentlər deyir ki, əvvəllər ara-sıra çətinlik yaranırdısa, yeni modemdən sonra nasazlıqlar mütəmadi hal alıb: "Bir neçə gün əvvəl gəlib modemimizi dəyişdilər. Onda sevindik ki, yəqin keyfiyyət artacaq, internetin verilməsində ümumiyyətlə çətinlik yaratmayacaq. Amma, indi bunun əksini görürük. İndi internetin qəbulunda daha çox nasazlıq olur, problemlər adi hal alıb. Biz xahiş edirik ki, bizim problemimizin həll edilməsində həm Rabitə və nəqliyyat nazirliyi, həm də "Aztelekom" dəstək göstərsin".

Daha bir abonent isə hesab edir ki, problemin mövcudluğundan "Aztelekom" rəhbərliyi xəbərdar olsa da, çətinlikləri bilərəkdən aradan qaldırmaq istəmir: "Bununla bağlı dəfələrlə şirkətə müraciət etmişik, artıq əlaqə nömrələrinə də zəng edəndə cavab vermirlər. Dərdimizi kimə deyək bilmirik. Mən belə anlayıram ki, onlar bilərəkdən bunu edir. Aylıq 28 manat ödəyirik, amma heç 28 saat da keyfiyyətıi internet ala bilmirik. Belə internetdənsə olmasa daha yaxşıdı".

Sözügedən problemlə bağlı "Aztelekom"a ünvanladığımız sorğuya qurumdan bildirildi ki, 2025-ci il 3 noyabr tarixində qeyd edilən ərazidə FO-144 kabelində nasazlıq aşkar edilib. "Xidmətin fasiləsizliyini təmin etmək üçün müvafiq texniki tədbirlər görülüb və nasazlıq operativ şəkildə bərpa edilib. Hazırda həmin ərazidə internet xidmətləri sabit rejimdə göstərilir"- deyə "Aztelekom"dan bildirilib.

 

Müəllif: Elmir Muradov